Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın voleybol komandası möhtəşəm qələbə ilə yarışa başlayıb. Baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında olan yığmamız ilk matçda İran seçməsini məğlub edib.
Şahzadə Feysəl ibn Fərhan Olimpiya Kompleksində baş tutan görüş 3:0 hesabı ilə yekunlaşıb. Setlər 25:11, 25:16 və 26:24 nəticələri ilə Azərbaycan tərəfinin üstünlüyü ilə bitib.
Azərbaycan voleybolçuları növbəti oyunu noyabrın 6-da Tacikistan komandası ilə keçirəcək. Yarış noyabrın 21-də sona çatacaq.
Bundan başqa, futzal millimiz də A qrupunda Liviya ilə mübarizəyə başlayacaq. Bu oyun Bakı vaxtı ilə saat 17:00-da eyni Olimpiya Kompleksində keçiriləcək.
VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi noyabrın 7-də baş tutacaq.



