Noyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı başlayacaq. 7 gün davam edəcək bu mötəbər yarışda Azərbaycan milli komandası 11 boksçu ilə ölkəmizi təmsil edəcək.
Kişilərdən ibarət komandaya baş məşqçi Elbrus Rzayev rəhbərlik edir. Onun seçimi ilə ringə Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Tağı Nəsibov (60 kq), Əli Abdullayev (65 kq), Nicat Əlirzayev (70 kq), Fərhad Şeydayev (75 kq) və Səbuhi Əlizadə (+90 kq) çıxacaq.
Qadın boks milli komandasına isə baş məşqçi İlkin Ağayev rəhbərlik edir. O, Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevanı (65 kq) Budapeştdə ölkəmizi təmsil etmək üçün seçib.
Turnirdə Azərbaycanı yalnız yarışçıları deyil, həm də beynəlxalq dərəcəli hakim Qalib Əbiyev təmsil edəcək.
Milli komanda Budapeştdəki yarışlarda iştirak üçün bu gün yola düşüb və planlaşdırılır ki, noyabrın 30-da vətənə dönəcək.



