Kartinq üzrə bir neçə beynəlxalq uğur qazanan istedadlı azərbaycanlı pilot Davin Cəfərovun avtoidman karyerası yeni mərhələyə qədəm qoyub.
Gənc sürücü Portuqaliyanın ən mürəkkəb və yüksək səviyyəli yarış məkanlarından olan Portimao trekində “Formula-4” bolidi ilə ilk rəsmi test sessiyasına çıxaraq diqqət mərkəzinə düşüb.
Yağışlı test sessiyası və yüksək risk fonunda uğurlu çıxış
Cəfərovun testlərdə iştirakı “Autodromo Internacional do Algarve” kompleksində baş tutub. FIA Grade 1 və FIM Grade A sertifikatına malik olan bu trek 15 çətin döngəsi, həmçinin kəskin eniş-yoxuşları ilə pilotlardan həm texniki, həm də fiziki cəhətdən maksimum hazırlıq tələb edir.
Sessiya gərgin yağış altında keçirilib və gün ərzində yeddi qəza qeydə alınıb ki, bu da şəraitin nə qədər çətin olduğunu göstərir. Bu testlərdə McLaren, Red Bull və Van Amersfoort Racing kimi dünya nəhənglərinin akademiyalarında yer alan gənc pilotlar da iştirak edib.
Bununla belə, “Formula-4” bolidinə ilk dəfə oturmasına baxmayaraq, Davin Cəfərov günü qəzasız tamamlayıb. Komanda mühəndisləri onun yaş trekdə avtomobili idarə etmə bacarığını, sabitlik nümayiş etdirməsini və texniki dəqiqliyini xüsusi vurğulayıb.
Normalda belə hava şəraitində “F-4” maşınlarının maksimal sürəti 195–210 km/saat aralığında olmasına baxmayaraq, Davin 224 km/saat göstəricisinə çatıb və bu, onun potensialının nə qədər yüksək olduğunu ortaya qoyub.
Karyera yüksəlişi davam edir, lakin sponsorluq problemi qalır
Kartinqdəki uğurları sayəsində Cəfərov “Formula Winter Series” turnirinə dəvət alsa da, sponsor dəstəyi olmadığı üçün çempionatda iştirak edə bilməyib. Buna baxmayaraq, o, F-4 testlərinə qatılaraq gələcəkdə rəsmi yarışlara çıxmaq üçün real perspektivə malik olduğunu göstərib.
Gənc pilot açıqlamalarında bildirib ki, maliyyə dəstəyi təmin olunduğu halda əvvəlcə “Formula-4”də stabil nəticələr göstərməyə, daha sonra isə “Formula-3”, “Formula-2” və “Formula-1”ə doğru yüksəlməyə tam hazırdır. Onun əsas hədəfi Azərbaycanı beynəlxalq avtoidmanda layiqincə təmsil etməkdir.



