Bakıda “IRONMAN” həyəcanı başladı: 62 ölkədən idmançı yarışacaq

Bakının ilk dəfə ev sahibliyi edəcəyi beynəlxalq “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışı ərəfəsində tədbirlərə start verilib. Bakı Bulvarında, “Yeddi gözəl” fəvvarəsinin qarşısındakı ərazidə “IRONMAN” kəndi və xüsusi əyləncə zonası fəaliyyətə başlayıb.

Burada şəhər sakinləri və qonaqlar yarış atmosferini yaxından hiss edə, müxtəlif interaktiv və əyləncəli fəaliyyətlərə qoşula bilərlər. Eyni zamanda, sentyabrın 5-də əsas yarışda mübarizə aparacaq idmançıların qeydiyyatı başlayıb.

Bakıda ilk dəfə keçiriləcək “IRONMAN 70.3”də 62 ölkədən 1500-dən çox iştirakçının yer alması gözlənilir. Azərbaycanı isə 123 idmançı təmsil edəcək. Fərdi yarış üçün qeydiyyatdan keçənlər arasında 807 kişi və 197 qadın var. Ən gənc iştirakçının 18, ən yaşlı idmançının isə 80 yaşı var.

İdmançıları Bakıda üç fərqli mərhələ gözləyir

“IRONMAN 70.3” klassik olaraq üç hissədən ibarətdir. İştirakçılar əvvəlcə Xəzər dənizində 1,9 kilometr üzəcək, ardınca 90 kilometr velosiped mərhələsini keçəcək və sonda 21,1 kilometr qaçacaqlar. Qaçış marşrutu şəhərin tarixi və müasir hissələrini, o cümlədən Bakı Bulvarını və Formula 1 Azərbaycan Qran-prisi trasının bəzi hissələrini əhatə edəcək.

Kişilər və qadınlar 13 yaş kateqoriyasında mübarizə aparacaqlar. Proqrama estafet yarışı da daxildir. Kişi, qadın və qarışıq kateqoriyalarda ümumilikdə 47 komanda starta çıxacaq, yekunda ən aktiv üç klub ayrıca mükafatlandırılacaq.

Kişilər və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-da keçiriləcək “IRONMAN 70.3” dünya çempionatına vəsiqə əldə edəcək.

Əsas yarışdan əvvəl uşaqlar da start xəttinə çıxacaq

Sentyabrın 4-də yarış həftəsi “IRONKIDS” və “Fun Run” tədbirləri ilə davam edəcək. “IRONKIDS”də 5–8 yaşlı uşaqlar 500 metr, 9–13 yaşlılar 1 kilometr, 14–17 yaşlı iştirakçılar isə 2 kilometr məsafə qət edəcəklər. 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan “Fun Run”ın məsafəsi 5 kilometr olacaq.

“Alufar IRONMAN 70.3 Baku” Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçiriləcək. Bakı bununla yanaşı, hazırda postsovet məkanında “IRONMAN 70.3” yarışına ev sahibliyi edən yeganə məkan kimi beynəlxalq seriyanın təqviminə daxil olub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni