“Barselona” klubu gənc hücumçusu Lamin Yamal ilə uzunmüddətli müqavilə imzaladığını açıqlayıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, yeni razılaşma 2031-ci ilin iyun ayına qədər qüvvədə olacaq.
17 yaşlı istedadın möhtəşəm mövsümü
Lamin Yamal “Barselona” akademiyasının yetirməsidir. O, 2024/25 mövsümündə əsas komandanın dəyişməz üzvlərindən birinə çevrilib və mövsüm ərzində 55 oyunda 18 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc hücumçu bu mövsümdə “Barselona” ilə La Liqa, İspaniya Kuboku və Superkuboku qazanıb. Bundan əvvəl, 2023-cü ildə də komandanın çempionluğuna töhfə vermişdi.
Beynəlxalq arenada da parlayır
İspaniya millisində də çıxış edən Yamal 2024-cü ildə Avropa çempionu olub və turnirin ən yaxşı gənc futbolçusu seçilib. Milli komanda ilə ümumilikdə 19 oyun keçirib, 4 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.
2024-cü ilin oktyabrında “France Football” jurnalı tərəfindən “Dünyanın ən yaxşı gənc futbolçusu” seçilən Yamal, noyabrda isə 21 yaşa qədər olan futbolçular arasında Avropanın ən yaxşı oyunçusuna verilən “Golden Boy” mükafatına layiq görülüb.