Britaniyanın keçmiş ikinci orta çəki üzrə çempionu Lennoks Klark altı il müddətinə azadlıqdan məhrum edilib. 33 yaşlı boksçu ölkə daxilində narkotik ticarəti ilə məşğul olduğu üçün məhkəmə tərəfindən bu cəza ilə üzləşib.
Sport-az.comun məlumatına görə, Klark mütəmadi olaraq narkotik maddələrin satışını təşkil edərək onları yerli dilerlərə çatdırırdı. O, hüquq-mühafizə orqanlarının diqqətinə düşdükdən sonra ölkəni tərk edərək bir müddət İrlandiya, Tailand və Meksikada gizlənib.
Lakin idmançı İngiltərəyə geri döndüyü anda dərhal saxlanılıb. Bu barədə allboxing portalı məlumat yayıb.
Klark peşəkar rinqdə sonuncu döyüşünü 2022-ci ilin iyulunda keçirib. Həmin görüşdə o, həmyerlisi Mark Heffrona qarşı beşinci raundda texniki nokautla məğlub olmuşdu.