Cüdo Federasiyasında inkişafın növbəti mərhələsi başladı

Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə cüdonun inkişafını təmin etmək üçün yeni strateji mərhələyə start verib. Bu yeni mərhələ “Özünü kəşf et” sloqanı ilə təqdim olunur və cüdonu yalnız bir döyüş idmanı kimi deyil, həm də hörmət, şəxsiyyətin formalaşması və özünüinkişaf üçün bir vasitə kimi tanıtmağı hədəfləyir.

Federasiyanın əsas məqsədi cüdonu qadınlardan tutmuş uşaqlara və gənclərə qədər geniş kütlələr üçün daha əlçatan, maraqlı və populyar etməkdir. Bu yanaşma yeni istedadların üzə çıxmasına və idmanın daha çox yayılmasına şərait yaradacaq. Strategiyanın mərkəzində cüdonun dəyərlərinin yayılması və sağlam həyat tərzinin təşviqi dayanır.

İcraçı vitse-prezident Rəşad Rəsullu yeni mərhələ ilə bağlı bunları deyib: “Yaşından asılı olmayaraq, idmanla məşğul olmaq fiziki və ruhi sağlamlığın qorunmasının ən vacib yollarından biridir. Biz ‘Özünü kəşf et’ kampaniyası çərçivəsində cüdo dəyərlərini cəmiyyətə daha yaxşı çatdırmaq üçün yeni layihələr həyata keçiririk. Tatamidə yetişən iradə və intizam ölkənin güclü gələcəyində mühüm rol oynayacaq”.

Yeni strategiyaya əsasən, məktəblərdə və regionlarda uşaqlar və gənclər üçün daha çox imkanlar yaradılacaq, qızların idmana cəlb olunması üçün xüsusi proqramlar həyata keçiriləcək və ailələr, ictimaiyyət üçün açıq tədbirlər təşkil olunacaq. Bütün bu fəaliyyətlər cüdonun hörmət və özünüinkişaf fəlsəfəsi ətrafında vahid kommunikasiya xətti ilə aparılacaq.

ACF həmçinin rəsmi sosial şəbəkə hesabları vasitəsilə strategiyanın əsas istiqamətləri, sosial proqramlar, uşaqlar və valideynlər üçün vacib informasiya və təşəbbüsləri mütəmadi olaraq paylaşacaq, eləcə də cüdonun dəyərləri və gündəlik inkişaf hekayələrini ictimaiyyətə təqdim edəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni