Serbiyanın Novi Pazar şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Sport-az.com xəbər verir ki, qızlardan ibarət komandamızın dörd üzvü – Əminə Tağı (50 kq), Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq) və Səma Abbasova (66 kq) finala vəsiqə qazanıblar. Onlar iyulun 15-də qızıl medal uğrunda rinqə çıxacaqlar.
Yarımfinal mərhələsində idmançılarımız aşağıdakı nəticələrə imza atıblar:
- Əminə Tağı (50 kq) – Slovakiyalı Dominika Vnukova üzərində tam üstünlüklə qələbə
- Cəmilə Muradlı (52 kq) – Ermənistan təmsilçisi Liana Jamharyana qarşı 5:0 (hakimlər: 29:28, 30:27, 29:28, 30:27, 30:27)
- Fidan Bəkərova (63 kq) – Bosniya və Herseqovinadan olan Asya Turkoviçi 5:0 hesabı ilə məğlub edib (30:27, 29:28, 30:27, 30:27, 30:27)
- Səma Abbasova (66 kq) – Moldovalı Mariya Dovqopolu qarşılaşmada tam üstünlüklə qalib gəlib
Yarımfinalda məğlub olan digər üç idmançımız – Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) isə Avropa birinciliyini bürünc medalla tamamlayıblar.
Qeyd: Oğlan boksçular arasında yarımfinal döyüşləri bu gün baş tutacaq. Altı azərbaycanlı idmançı final uğrunda mübarizə aparacaq.



