Bütün yaş qruplarında güləş yığmalarına fizioterapistlər cəlb olunur

Azərbaycanın güləş üzrə bütün yaş qrupu milliləri ilk dəfə olaraq fizioterapist heyəti ilə təmin ediləcək. Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Məlumata görə, bununla bağlı təşkil olunan görüşdə Azərbaycan İdman Akademiyasının (ASA) nümayəndələri də iştirak ediblər. Görüşün əsas müzakirə mövzusu məşqçilərlə fizioterapistlər arasında əməkdaşlığın hansı formatda qurulmalı olduğu, təcrübəçilərin məşq prosesindəki rolu, onların fəaliyyət prinsipləri və gözləntilərin düzgün müəyyənləşdirilməsi olub.

Toplantıda gənc mütəxəssislərin U-15, U-17 və U-20 yaş qrupları üzrə yığmaların məşq prosesinə cəlb olunması, həmçinin onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi xüsusi vurğulanıb.

Proqram çərçivəsində tələbələr böyüklərdən ibarət milli komandada çalışan peşəkar həmkarlarının təcrübəsindən yararlanacaqlar. ASA ilə birgə həyata keçirilən bu layihə nəticəsində bütün yaş qrupları üzrə güləş milliləri ilk dəfə fizioterapistlərlə təmin olunacaq.

Qeyd edilir ki, praktiki təcrübə müddətində fəallığı və peşəkarlığı ilə fərqlənən tələbələrin gələcəkdə daimi işlə təmin olunması nəzərdə tutulur.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni