III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Bu il keçiriləcək yarışda Azərbaycanla yanaşı, İran, Ukrayna, Gürcüstan, Rusiya və Litvadan idmançılar da mübarizə aparacaqlar. Ümumilikdə altı ölkədən 100 atlet start xəttinə çıxacaq.
192 kilometrlik marşrut dörd mərhələdən ibarət olacaq
Qəbələ–Xankəndi marşrutu üzrə təşkil ediləcək ultramarafon ümumilikdə 192 kilometri əhatə edəcək. Yarış iştirakçıların dözümlülüyünü və fiziki hazırlığını sınağa çəkəcək dörd mərhələdən ibarət olacaq.
Marşrut belə müəyyənləşdirilib:
- Qəbələ – Ağdaş (55 km)
- Ağdaş – Bərdə (65 km)
- Bərdə – Ağdam (44 km)
- Ağdam – Xankəndi (28 km)
Hər mərhələnin qalibləri ayrıca mükafatlandırılacaq. Yarışın yekununda isə ümumi təsnifatda ən yaxşı nəticə göstərən atletlər baş mükafatlara layiq görüləcəklər. Təşkilatçılar bildirirlər ki, ultramarafonun əsas məqsədi sağlam həyat tərzinin təşviqi, qaçış idmanının inkişafı və Azərbaycanın müxtəlif bölgələrinin beynəlxalq idman tədbirləri vasitəsilə tanıdılmasıdır.
Yarış üçüncü dəfə təşkil olunacaq
Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə keçirilib. Həmin yarış 380 kilometrlik məsafəni əhatə edib və dörd ölkədən 64 atlet iştirak edib.
2025-ci ildə marşrut Qəbələ–Xankəndi istiqamətinə dəyişdirilib. Yarışa altı ölkədən 81 idmançı qatılıb. 2026-cı ildə isə ultramarafon eyni marşrut üzrə üçüncü dəfə təşkil olunacaq və iştirakçı sayı 100-ə çatdırılacaq.





