2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında qalib gələn və Beynəlxalq Boks Assosiasiyasının (IBA) cinsiyyət testlərində problemlər yaşadığı iddia edilən Əlcəzairli boksçu İman Xelif, 2028-ci ildə Los-Ancelesdə baş tutacaq Olimpiadaya qatılmaq niyyətində olduğunu açıqlayıb.
“Mən trans deyiləm” – Xelif iddiaları rədd edir
Sport-Az-ın ITV-yə istinadən verdiyi xəbərə görə, Xelif ABŞ prezidenti Donald Trampın qadın idmanında trans idmançılara qadağa qoyulması ilə bağlı açıqlamalarından təsirlənmədiyini bildirib.
“Mən sizə açıq cavab verəcəyəm: ABŞ prezidenti trans idmançılarla bağlı siyasətə dair qərar qəbul edib. Amma mən trans deyiləm. Bu qərarın mənimlə heç bir əlaqəsi yoxdur və məni narahat etmir“, – deyə Xelif vurğulayıb.
Hədəf – daha böyük uğurlar
İman Xelif gələcəkdə daha böyük uğurlar qazanmaq istədiyini və idmandakı karyerasını davam etdirmək niyyətində olduğunu qeyd edib. O, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti postuna namizəd olan Sebastian Kounun məsələyə baxışı barədə məlumatlı olmadığını bildirib.
Qeyd edək ki, Sebastian Kounun rəhbərlik etdiyi World Athletics, kişi cinsinə uyğun fizioloji göstəricilərə malik olan, lakin qadın kimi doğulan idmançılar üçün yeni qaydalar tətbiq etməyi planlaşdırır.