İmişli şəhərində yeni cüdo təlim mərkəzinin açılışı keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Açılış mərasimindən sonra qonaqlar mərkəzin şəraiti ilə tanış olublar.
Yeni mərkəz tatamilərlə təchiz edilib, fiziki hazırlıq zonası isə cüdoçuların inkişafı üçün zəruri avadanlıqlarla doludur. Binada həmçinin gözləmə zalı, məşqçi otaqları və paltardəyişmə otaqları mövcuddur. Mərkəzin ətrafında geniş abadlıq işləri aparılıb, ümumi şərait idmançıların rahatlıqla məşq etməsinə tam imkan verir. Bundan başqa, mərkəz müasir istilik və işıqlandırma sistemləri ilə də təmin olunub.
Bu təlim mərkəzi bölgədə cüdo idmanının inkişafına mühüm töhfə verəcək və gənc idmançılara yüksək səviyyəli məşq şəraiti yaradacaq.