Rusiyalı döyüşçü İslam Mahaçev UFC-də növbəti görüşünü yarımorta çəki dərəcəsində hazırkı çempion olan avstraliyalı Cek Della Maddalena ilə keçirəcək.
Sport-az.com xəbər verir ki, bu barədə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov azarkeşlərlə görüş zamanı məlumat verib. Döyüş UFC 322 turnirinin əsas qarşılaşması olacaq və o, böyük ehtimalla 15 noyabrda Nyu-Yorkun məşhur Madison Square Garden arenasında baş tutacaq. Lakin dəqiq tarix hələ açıqlanmayıb.
Xatırladaq ki, Mahaçev bu ilin yazında yüngül çəkidəki çempionluq titulundan imtina edərək, daha ağır – yarımorta çəki dərəcəsinə keçib. İyul ayında onun meneceri Rizvan Maqomedov qeyd etmişdi ki, Mahaçev Maddalena ilə döyüş planlaşdırır, lakin bu barədə rəsmi təsdiq verə bilməz.
İslam Mahaçevin MMA-da 27 qələbəsi və cəmi bir məğlubiyyəti (2015-ci ildə) var. Cek Della Maddalena isə 18 döyüşdə qalib gəlib, 2 dəfə uduzub.



