Joze Mourinyo “Fənərbaxça”ya keçidini səhv addım adlandırdı

Portuqaliyalı məşqçi Joze Mourinyo “Fənərbaxça”ya transfer olunmaq qərarının düzgün seçim olmadığını etiraf edib. Sport-az.com xəbər verir ki, 62 yaşlı mütəxəssisin sözlərinə görə, İstanbul təmsilçisi onun səviyyəsinə uyğun gəlməyib. Mourinyo hazırda yenidən elit klublar sırasına qayıtmaq imkanı verdiyi üçün “Benfika”da çalışmaqdan məmnun olduğunu bildirib:

“Səhv seçim etdim. Peşman deyiləm, çünki peşmanlıqlar həyatda kömək etmir, amma nəyi düzgün və nəyi səhv etdiyimizin fərqindəyik. Mən “Fənərbaxça”ya keçməklə səhv etdim – onlar mənim mədəni səviyyəm deyildi, mənim futbol səviyyəm deyildi. Təbii ki, son günə qədər hər şeyimi verdim, amma “Benfika”da işləmək məni dünyanın ən yaxşı klubları sırasına qaytarır”, – deyə Mourinyo açıqlayıb.

“Çelsi”, “İnter”, “Real Madrid” və “Roma” kimi nəhəng klubları çalışdırmış mütəxəssis “Fənərbaxça”nın transfer siyasətini də sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, türk klubu heyətdə balans yarada bilməyib. Mourinyo “Benfika”nın transfer siyasətinin isə peşəkarlığını yüksək qiymətləndirib.

Karyerasına 2000-ci ildə məhz “Benfika”da başlayan portuqaliyalı məşqçi indi “ABC” ilə liqa oyununda yenidən komandasının başında olacaq. Turnir cədvəlinin altıncı pilləsində qərarlaşan Lissabon təmsilçisi üçün bu, ən titullu mütəxəssislərdən biri ilə mövsümə yeni nəfəs gətirmək imkanı sayılır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni