Lənkəran şəhərində yeni idman infrastrukturunun istifadəyə verilməsi ilə bağlı mühüm hadisə baş verib – Cənub Regional Boks Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
Sport-az.com xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Vüsal Nəsirli, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmi şəxslər iştirak ediblər.
Qonaqlar yeni mərkəzin şəraiti ilə tanış olub, yeniyetmə boksçuların məşqlərini və rinq döyüşlərini izləyiblər. Fərid Qayıbov və Vüsal Nəsirli gənc idmançılara tövsiyə və tapşırıqlarını veriblər.
Yeni idman obyektinin infrastrukturu müasir standartlara tam uyğun şəkildə qurulub. Mərkəz Azərbaycan Boks Federasiyası tərəfindən lazımi avadanlıqlarla təmin edilib.
Cənub Regional Boks Mərkəzinin əsas xüsusiyyətləri:
- Ümumi ərazi: 2,5 hektardan çox
- İnzibati bina: iki mərtəbəli
- Məşq zalı və iki ədəd rinq
- Trenajorlar, iki paltardəyişmə otağı
- Məşqçilər üçün toplantı otağı
- Minifutbol meydançası
Qeyd edək ki, Azərbaycan Boks Federasiyası regionlarda boksun inkişafını prioritet istiqamətlərdən biri hesab edir. Məqsəd boksun kütləviləşməsi, regional potensialın üzə çıxarılması və maddi-texniki bazanın gücləndirilməsidir.
Cənub Regional Boks Mərkəzindən əlavə, ölkədə Bakı Boks Mərkəzi və Sumqayıt şəhər stadionunda yerləşən Boks Təlim Mərkəzi də fəaliyyət göstərir.