Argentina milli komandasının kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 17-ci turunda Venesuela ilə qarşılaşmadan (3:0) sonra milli karyerasını başa vurmaq barədə hələ qərar qəbul etmədiyini açıqlayıb.
38 yaşlı ulduz futbolçu Buenos-Ayresdə keçirilən matçda 2 qol vuraraq komandasını qələbəyə daşıyıb və emosional anlar yaşayıb. O, “TyC Sports”a verdiyi müsahibədə mövzu ilə bağlı fikirlərini bölüşüb: “Mən çoşğu ilə doluyam, həyəcanlıyam və səbirsizliklə davam etməyi gözləyirəm. Addım-addım irəliləyirik. Mən hələ qərar verməmişəm!”.
Xatırladaq ki, Messi ötən həftə Buenos-Ayresdəki qarşılaşmanın onun dünya çempionatının seçmə mərhələsindəki sonuncu ev oyunu olacağını təsdiq etmişdi. Argentina yığması Cənubi Amerika zonasında artıq yekun birinci yeri qazanaraq 2026-cı il dünya çempionatına vəsiqəni təmin edib. Komandanın baş məşqçisi Lionel Skaloni isə ümid edir ki, bu, Messinin son ev matçı olmayacaq.



