Avstraliyalı tennisçi Nik Kiryos dopinq qaydalarının pozulması ilə əlaqədar peşəkar tennisdən müvəqqəti kənarlaşdırılıb. 31 yaşlı idmançının analizində qadağan olunmuş maddənin aşkarlanması Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) tərəfindən rəsmən təsdiqlənib.
Nümunə iyunun 22-də İspaniyada keçirilən Mallorca ATP 250 turniri zamanı götürülüb. WADA tərəfindən akkreditə olunmuş laboratoriya iyulun 17-də analizdə kokainin metaboliti olan benzoilekqonin maddəsinin mövcudluğunu təsdiqləyib. Kokain yarış zamanı istifadəsi qadağan edilən stimullaşdırıcı və sui-istifadə maddələri sırasına daxildir.
Bundan sonra Kiryos avqustun 4-dən etibarən müvəqqəti diskvalifikasiya olunub. Avstraliyalı tennisçi qərardan şikayət etmək hüququna malik olsa da, bu imkandan istifadə etməyib. Araşdırma yekunlaşana qədər o, tennis üzrə rəsmi yarışlarda iştirak edə bilməyəcək.
Kiryos məsuliyyəti üzərinə götürdü
Hadisədən sonra Kiryos ictimai açıqlama verərək ciddi səhvə yol verdiyini etiraf edib və baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb. O, azarkeşlərindən, ailəsindən, sponsorlarından və xüsusilə onu nümunə kimi görən uşaqlardan üzr istəyib.
Tennisçi son illərdə davamlı zədələrin ona həm fiziki, həm də psixoloji baxımdan ağır təsir göstərdiyini bildirib. Bilək və diz problemləri səbəbindən 2023-cü ildən bəri uzun müddət kortlardan uzaq qalan Kiryos karyerasının sonuna yaxınlaşdığını qəbul etməyin onun üçün çətin olduğunu, müəyyən dövrlərdə özünü çarəsiz və təcrid olunmuş hiss etdiyini qeyd edib.
Avstraliyalı idmançı vəziyyətdən nəticə çıxarmaq və özünə vaxt ayırmaq üçün 28 gün ərzində sosial şəbəkələrdən və ictimai həyatdan uzaqlaşacağını açıqlayıb. O, eyni zamanda ictimaiyyətdən özünün və ailəsinin şəxsi həyatına hörmətlə yanaşılmasını istəyib.





