PSJ klubu keçmiş futbolçusu Kilian Mbappeyə qarşı məhkəmə iddiası qaldırıb. Bu barədə məlumatı RMC Sport yayıb. Fransa mətbuatına görə, PSJ Mbappenin 55 milyon avro həcmində maaş və bonus tələbi ilə bağlı məhkəməyə müraciət edərək, bu məbləğin ödənilməsinin dayandırılmasını istəyib. Klubun vəkilləri futbolçunun iddiasını sübut edəcək sənədlər təqdim etmədiyini əsas gətiriblər.
Eyni zamanda, PSJ Mbappeyə qarşı əks iddia qaldıraraq 98 milyon avro təzminat tələb edir. Klubun vəkili Reno Smerzyan məsələni belə şərh edib:
“Mbappe oyun uzatmaq taktikası ilə kluba maddi zərər vurub. Məqsəd 98 milyon avronu almaq deyil, onun PSJ-yə borclu olduğunu göstərməkdir. Bu halda, onun tələb etdiyi 55 milyon avro əsassız görünür.”
Saziş pozuntusu və “Real”a keçid
Vəkillərin sözlərinə görə, Mbappe ilə PSJ arasında şifahi razılaşma olub, və bu razılaşmaya əsasən, futbolçu “Real Madrid” klubuna keçidindən sonra bəzi maliyyə haqlarından könüllü olaraq imtina edib. Xatırladaq ki, Mbappe 2024-cü ilin yayında azad agent kimi “Real”a transfer olunub.
Hazırda bu hüquqi mübahisə Avropa futbolunda ən diqqətçəkən maliyyə qalmaqallarından biri hesab olunur.



