UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın “Atletik” klubu ilə qarşılaşacaq “Qarabağ”ın səfər cədvəli müəyyənləşib. Azərbaycan çempionunun kommunikasiya rəhbəri Anar Hacıyev bildirib ki, komanda bu gün saat 18:00-da çarter reysi ilə Bilbao şəhərinə yola düşəcək.
Oktyabrın 21-də yerli vaxtla saat 18:15-də baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək, saat 18:45-də isə komanda açıq məşq sessiyası təşkil edəcək. “San Mames” stadionunda keçiriləcək matç üçün “Qarabağ”a 600 bilet ayrılıb, onlardan təxminən 400-ü artıq azarkeşlər tərəfindən alınıb. Qeyd olunub ki, “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Komanda hazırda Çempionlar Liqasında iki oyundan 6 xal toplayıb.