Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları yekunlaşıb.
sport-az.com-ın yaydığı məlumata əsasən, son oyunların ardından UEFA ölkə reytinqi yenilənib.
Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi olan “Qarabağ” klubunun uğurlu çıxışı sayəsində ölkə xal ehtiyatını artıraraq mövqeyini bir qədər də gücləndirib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda cavab oyununda da İrlandiyanın “Şelburn” klubunu məğlub edərək (1:0), ölkə reytinqinə əlavə 0.250 əmsal qazandırıb.
Mövsüm üzrə qazanc:
Cari mövsümdə Azərbaycanın ümumi qazancı 1.250 əmsala çatıb. Bu xallar klublar arasında aşağıdakı kimi bölüşdürülür:
- “Qarabağ” – 0.500
- “Sabah” – 0.375
- “Araz-Naxçıvan” – 0.250
- “Zirə” – 0.125
Hazırkı vəziyyətə görə, ölkənin UEFA reytinqindəki ümumi əmsalı 18.375-dir. Azərbaycan 2024/25 mövsümünə 29-cu yerdə başlasa da, bir pillə irəliləyərək 28-ci sıraya yüksəlib və Rusiyanı (18.299) geridə qoyub. Qonşu Ukrayna isə 18.725 xalla 27-ci pillədə qərarlaşıb.
Ən yüksək pillədə olanlar:
UEFA reytinqində liderlər dəyişməz olaraq qalır. 55 ölkənin yer aldığı cədvələ İngiltərə (90.839) başçılıq edir.