Xorvatiyanın “Dinamo Zaqreb” klubunda çıxış edən Sami Mmae ilə bağlı “Qarabağ”ın marağı fonunda maraqlı məlumatlar ortaya çıxıb.
Sport-az.com Dnevnik.hr-ə istinadən xəbər verir ki, xorvat klubu Mərakeş millisinin üzvü olan müdafiəçi ilə yolları ayırmaq qərarını artıq verib. Bu qərarın əsas səbəbi futbolçunun yüksək maliyyə dəyəri və göstərdiyi performansın klubun gözləntilərini qarşılamaması olub.
Mmae 2024-cü ildə “Dinamo Zaqreb”in o zamankı direktoru Marko Mariçin təşəbbüsü ilə Macarıstanın “Ferentsvaroş” klubundan azad agent statusunda transfer olunub. Onunla illik 840 000 avro maaş əsasında 4 illik müqavilə imzalanıb. Bu müqaviləyə əsasən futbolçu aylıq 70 000 avro məvacib alır.
Lakin klub rəhbərliyi onun oyunlarından narazı qaldığı üçün Mmaeni nəinki start heyətindən uzaqlaşdırıb, hətta əsas komandanın məşqlərinə də buraxmayıb. Bu səbəbdən, onun maaş yükünü azaltmaq məqsədilə “Dinamo” oyunçunun icarəyə verilməsi variantına üstünlük verir.
Hazırda “Qarabağ” və Sami Mmae arasında danışıqların son mərhələyə çatdığı bildirilir. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Ağdam təmsilçisi futbolçunu iki illik icarə əsasında heyətinə qatmaq niyyətindədir. Müqavilədə onun sonradan birdəfəlik transfer olunması üçün bənd yer almır. Bu da “Dinamo Zaqreb”in futbolçunun adını maaş cədvəlindən çıxarmağa çalışdığını təsdiqləyir.



