“Rolan Qarros-2026” turnirində kişilər arasında yarımfinal mərhələsinin daha iki iştirakçısı müəyyənləşib. Aleksandr Zverev və Yakub Menşik 1/4 final görüşlərində inamlı çıxış edərək növbəti raunda yüksəliblər.
Günün ilk diqqətçəkən qarşılaşmalarından birində çexiyalı Yakub Menşik braziliyalı Joao Fonseka ilə üz-üzə gəlib. ATP reytinqində 27-ci yerdə qərarlaşan Menşik 2 saat 47 dəqiqə davam edən görüşdə rəqibinə 6:4, 6:3, 7:6 (7:3) hesabı ilə qalib gəlib.
Beləliklə, tərəflər arasındakı şəxsi görüşlərdə hesab bərabərləşib – 1:1. Çex tennisçi karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin yarımfinalına yüksəlməyi bacarıb. O, həmçinin Açıq Erada “Grand Slam” yarışlarında yarımfinala çıxan ən gənc çex tennisçi rekorduna imza atıb. Menşik bu göstəricidə əfsanəvi İvan Lendlin rekordunu geridə qoyub.
Turnirin ikinci nömrəli səpələnmiş tennisçisi Aleksandr Zverev isə ispaniyalı Rafael Xodara qarşı mübarizə aparıb. İlk set gərgin keçsə də, alman tennisçi tay-brekdə üstün olub. Sonrakı hissədə isə Zverev rəqibinə demək olar ki, şans verməyərək 7:6 (7:3), 6:1, 6:3 hesablı qələbə qazanıb.
Bu nəticə ilə ATP reytinqində 3-cü sırada yer alan tennisçi karyerasında növbəti uğura imza atıb. O, 1990-cı ildən sonra doğulan oyunçular arasında eyni “Böyük Dəbilqə” turnirində beş dəfə yarımfinala yüksələn ilk tennisçi olub.
İlk dəfə qarşılaşan Zverev və Xodar arasındakı görüş almaniyalının üstünlüyü ilə yekunlaşıb. Yarımfinalda Zverev məhz Yakub Menşiklə qarşılaşacaq və finala vəsiqə uğrunda mübarizə aparacaq.




