Mövsümün ən nüfuzlu tennis yarışlarından biri olan Uimbldon start götürməzdən əvvəl iştirakçı siyahısında növbəti itkilər qeydə alınıb. Son günlər üç tennisçi zədə və fiziki hazırlıq problemləri səbəbindən turnirdə iştirak etməyəcəyini rəsmən açıqlayıb.
Ən diqqətçəkən itki dünya reytinqində 15-ci pillədə qərarlaşan italiyalı Lorenzo Muzettiyə məxsusdur. O, may ayında Romada keçirilən turnir zamanı aldığı bud əzələsi zədəsinin nəticələrini hələ də aradan qaldıra bilməyib. Tennisçi sosial şəbəkə hesabında bərpa prosesinin müsbət getdiyini bildirsə də, tam məşqlərə qayıtmağa hazır olmadığını vurğulayıb. Beləliklə, Muzetti ardıcıl ikinci “Böyük Dəbilqə” turnirini buraxacaq.
İtaliyalı tennisçinin əsas səbətdəki yerini həmyerlisi Matteo Berrettini tutacaq. Xatırladaq ki, Muzetti ötən il Uimbldonda ilk mərhələdə mübarizəni dayandırmışdı.
Turnirdən çəkilən digər tanınmış tennisçi çexiyalı Tomaş Maxaç olub. Sol ayaq nahiyəsindən aldığı zədə səbəbindən o, vaxtında sağala bilməyib. Məlumata görə, problem Roland Qarros turniri zamanı yaranıb və hələ də tam aradan qalxmayıb. Onun əvəzinə əsas cədvəldə niderlandlı Yesper de Yonq çıxış edəcək.
ABŞ təmsilçisi Sebastyan Korda da turnirdə iştirak etməyəcək. Mart ayından bəri rəsmi matç keçirməyən tennisçi müraciətində yarışa hazır olmadığını bildirib. Kordanın yerinə isə fransalı Aleksandr Müller əsas mərhələyə daxil ediləcək.
Beləliklə, Uimbldon 2026-nın əsas cədvəli startdan əvvəl bir neçə tanınmış tennisçini itirsə də, təşkilatçılar boş qalan yerləri reytinq sıralamasına uyğun şəkildə doldurmağa davam edirlər.




