23 dəfə “Böyük Dəbilqə” çempionu olmuş əfsanəvi tennisçi Serena Uilyams “Netflix” platforması üçün hazırlanacaq “Kerri Soto qayıdır” adlı yeni serialın icraçı prodüseri olacaq.
Bu layihə Teylor Cenkins Reydin 2022-ci ildə işıq üzü görən eyni adlı romanı əsasında ekranlaşdırılacaq. Serialın istehsalı Uilyamsın şəxsi prodüser şirkəti Nine Two Six ilə birgə həyata keçirilir. Əsərdə peşəkar tennisçi olan Kerri Sotonun 37 yaşında korta geri qayıdaraq “Böyük Dəbilqə” üzrə rekordunu qorumağa çalışması təsvir olunur.
Netflix-in verdiyi məlumata görə, serial qismən Serena Uilyamsın öz karyerasından da ilhamlanıb. Yazıçı Teylor Cenkins Reyd daha öncə bildirmişdi ki, Serena onun qəhrəmanına böyük təsir göstərib. O, bu serialda da prodüserlərdən biri kimi çıxış edəcək.
Serena bu xəbəri Instagram Stories-də paylaşaraq Deadline saytında yayımlanan məqalənin ekran görüntüsünü yayıb və prodüserlik şirkətini qeyd edib.
Bu, Serena Uilyamsın prodüser kimi ilk işi deyil. 2024-cü ildə yayımlanan “Arenada: Serena Uilyams” sənədli serialı və 2021-ci ildə Oskar mükafatına layiq görülən “Kral Riçard” filmində də o, icraçı prodüser kimi fəaliyyət göstərib. Hər iki layihədə Vinus Uilyams da onunla birgə çalışıb.