Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Global Fight League komanda turnirində iştirak edəcək. O, rusiyalı idmançı Damir İsmayılovla eyni komandada çıxış edəcək.
Sport-az-ın məlumatına görə, turnir aprel ayında start götürəcək və BƏƏ, Braziliya və ABŞ-da keçiriləcək. Yarışda bütün komandalar iki döyüşçüdən ibarət olacaq və Musayev “Dubai” klubunu təmsil edəcək. Onun hazırlığını UFC çempionu olmuş Həbib Nurməhəmmədovun keçmiş məşqçisi Xavyer Mendes aparacaq.
Turnirdə UFC və Bellator-un tanınmış döyüşçüləri, o cümlədən Kevin Li, Sidni Autlou, Patriki Pitbul, Lukas Martins, Ben Henderson və Toni Ferqyuson iştirak edəcək.
Qeyd edək ki, Musayev Bellator-da debüt döyüşündə məhz Sidni Autlouya qarşı çıxış edib və cəmi 30 saniyəyə onu nokauta göndərib.
Azərbaycanlı döyüşçü sonuncu görüşünü noyabr 2023-cü ildə Bakıda, Rizin Landmark 7 turnirində keçirib və yaponiyalı Kodji Takedoya qarşı texniki nokautla qələbə qazanıb.



