Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycan sərbəst güləşçiləri uğurlu çıxışla yadda qalıblar. Üç idmançımız yarımfinal mərhələsinə yüksəlib.
- 54 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov 1/4 finalda türkiyəli rəqibi Mühəmmət Karavuşu məğlub edərək yarımfinala adlayıb. Onun növbəti rəqibi UWW komandasının təmsilçisi Naçın Monquş olacaq.
- 65 kq-da mübarizə aparan Əli Rəhimzadə isə almaniyalı Niko Meqerleni üstələyərək dörddəbir final baryerini keçib. O, yarımfinalda Fransanı təmsil edən Xamzat Arsamərzoyevlə üz-üzə gələcək.
- 70 kq-da çıxış edən Kənan Qeybatov isə bolqar idmançısı Mixail Georgiyevə şans verməyib. Onun yarımfinaldakı rəqibi güclü rusiyalı güləşçi David Baev olacaq (UWW).
Təəssüf ki, bu gün xalça üzərinə çıxan digər güləşçilərimizdən Orxan Abbasov (79 kq) təsnifat mərhələsində, Abubəkr Abakarov (97 kq) isə 1/4 finalda uduzaraq mübarizəni dayandırıblar. Qeyd edək ki, Avropa çempionatı 13 aprelə qədər davam edəcək.