İsveçrəli tennis əfsanəsi Stan Vavrinka Uimbldon turnirində son matçına çıxaraq London kortları ilə vidalaşıb. 40 yaşlı tennisçi ilk mərhələdə italiyalı Matteo Berrettini ilə üz-üzə gəlib və dörd saatdan çox davam edən gərgin qarşılaşmada məğlub olub. Bununla da Vavrinkanın Uimbldon karyerası başa çatıb, peşəkar karyerasını isə 2026-cı ilin sonunda yekunlaşdıracağı gözlənilir.
Dörd tay-breyk, 4 saatdan çox mübarizə
Təşkilatçıların təqdim etdiyi wild card sayəsində əsas mərhələdə iştirak edən Vavrinka Berrettiniyə qarşı yüksək səviyyəli oyun nümayiş etdirib. Qarşılaşma 4 saat 16 dəqiqə davam edib və bütün setlər tay-breykdə həll olunub. Bu nəticədən sonra tennisçilərin şəxsi görüşlərində hesab 1:1-ə bərabərləşib.
Vavrinka karyerası ərzində üç “Böyük Dəbilqə” tituluna sahib olub. O, 2014-cü ildə Avstraliya Açıq Çempionatının, 2015-ci ildə “Rolan Qarros”un, 2016-cı ildə isə ABŞ Açıq Çempionatının qalibi olub. Uimbldon isə onun titul qazana bilmədiyi yeganə “Böyük Dəbilqə” turniri kimi yadda qaldı.
Dekabrın 19-da Cenevrədə keçiriləcək “One Last Backhand” adlı vida gecəsində Rocer Federer, Endi Marrey və Qael Monfis də iştirak edəcəklər.
Oyundan sonra Vavrinka karyerasını başa vurmaq qərarı barədə danışıb:
“Karyeramı bitirmək istəmirəm, amma bunun vaxtının çatdığını anlayıram. Bu qədər uzun müddət oynamağımın əsas səbəblərindən biri məhz bu cür axşamları yaşamaq idi. Mənə wild card verildiyi və son dəfə Uimbldonda oynamaq imkanı qazandığım üçün çox minnətdaram. Uşaqlıqdan burada oynamağı arzulayırdım. Sevdiyin bir şeylə vidalaşmaq heç vaxt asan olmur. Bundan daha gözəl vida təsəvvür edə bilməzdim”.
İtaliyalı Matteo Berrettini isə növbəti mərhələdə fransalı Artur Fislə qarşılaşacaq.
Uimbldon 2026 Ot örtüyü. 1/64 final
Stan Vavrinka (WC) – Matteo Berrettini – 7:6 (9:7), 6:7 (16:18), 6:7 (7:9), 6:7 (5:7)




