Azərbaycanın tanınmış karateçisi, üçqat dünya çempionu İrina Zaretska beynəlxalq arenada bir müddətlik fasilə verməsinə baxmayaraq, dünya reytinqində birinciliyini qorumaqdadır.
69,90 xal toplayan Zaretska qadınlar arasında 68 kq çəki dərəcəsində reytinq siyahısının zirvəsində qərarlaşıb. Onun bu mövqeyini saxlamaq bacarığı, dekret məzuniyyətində olmasına baxmayaraq, yüksək nəticələrinin davamlılığı ilə izah olunur.
İdmançımızın son çıxışı 2023-cü ilin oktyabrında keçirilmiş karate üzrə dünya çempionatı olub və o, həmin turnirdə çempion titulunu qazanıb. Hazırda Zaretska aprelin 18-dən 20-dək Misirin paytaxtı Qahirədə baş tutacaq Karate1 Premier League turnirinə hazırlıq görür.