PSJ-nin hücumçusu Usman Dembele ardıcıl ikinci mövsüm Fransa Liqa 1-in ən yaxşı futbolçusu adına layiq görülüb. Parisdə keçirilən Milli Peşəkar Futbolçular İttifaqının (UNFP) mükafatlandırma mərasimində 28 yaşlı futbolçu həmkarlarının səsverməsində yenidən birinci olub.
Dembele builki seçimdə komanda yoldaşları Nunu Mendeş və Vitinya, həmçinin “Lans”ın oyunçusu Florian Toven və “Marsel”in hücumçusu Meyson Qrinvudla rəqabət aparıb. Bununla da o, bu mükafatı ardıcıl qazanan nadir futbolçular sırasına daxil olub.
Fransalı futbolçu çıxışı zamanı komandasına təşəkkür edib:
“Bu fərdi mükafatdır, amma qazandığım bütün fərdi uğurlar komandamın sayəsində mümkün olub”, – deyə Dembele bildirib.
Mükafat müzakirələrə səbəb oldu
Maraqlıdır ki, Dembele bu mövsüm Liqa 1-də məhdud sayda oyunda start heyətində yer alıb. O, ümumilikdə 20 matçda meydana çıxsa da, yalnız 9 qarşılaşmada əsas heyətdə oyuna başlayıb.
Buna baxmayaraq, hücumçu 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Lakin onun bombardirlər siyahısında ön sıralarda yer almaması və oyun sayının azlığı sosial şəbəkələrdə mükafatın ədalətliliyi ilə bağlı müzakirələrə səbəb olub.
Zədələrə baxmayaraq mövsümün əsas simalarından biri oldu
Ötən mövsüm “Qızıl top” qazanan Dembele bu il zədələr səbəbindən müəyyən çətinliklərlə üzləşib. Mövsüm ərzində arxa bud və baldır nahiyəsindən aldığı zədələr onun bir sıra vacib qarşılaşmaları buraxmasına səbəb olub. Baş məşqçi Luis Enrike də futbolçunu bəzi kritik oyunlarda ehtiyatla istifadə edib.
Buna baxmayaraq, o, PSJ-nin çempionluq yürüşündə əsas fiqurlardan biri kimi qiymətləndirilir. Fransa millisinin baş məşqçisi Didye Deşam da futbolçunun xarakterini xüsusi qeyd edib:
“Onun yolu zədələr səbəbindən asan olmayıb. Amma hər dəfə daha güclü qayıtmağı bacarıb”, – deyə Deşam vurğulayıb.
Mövsümün ən gözəl qolu da ona məxsus oldu
Dembele yanvar ayında “Lill”ə vurduğu möhtəşəm qolla azarkeşlərin səsverməsində mövsümün ən gözəl qolunun müəllifi seçilib. Beləliklə, o, həm ilin futbolçusu, həm də ilin qolunun sahibi olub.
PSJ hazırda çempionata iki tur qalmış turnir cədvəlinə inamla başçılıq edir və növbəti titulunu rəsmiləşdirməyə çox yaxındır. Komanda eyni zamanda Çempionlar Liqasının finalında “Arsenal”la qarşılaşmağa hazırlaşır.
Mərasimdə digər fərdi mükafatlar da təqdim olunub. Dezire Due ardıcıl ikinci dəfə liqanın ən yaxşı gənc futbolçusu seçilib. “Bavariya”nın üzvü Mikael Olise xaricdə çıxış edən ən yaxşı fransalı oyunçu adına layiq görülüb. Mövsümün ən yaxşı məşqçisi isə “Lans”ın çalışdırıcısı Pyer Saaj seçilib.



