Azərbaycan U-17 milli komandasının baş məşqçisi İlham Yadullayev Avropa çempionatının seçmə mərhələsində keçiriləcək oyunlar öncəsi fikirlərini bölüşüb.
Sport-az.com AFFA-nın saytına istinadən bildirir ki, Yadullayev komandanın Qəbələdə noyabrın 4-8-i aralığında keçirdiyi təlim-məşq toplanışının uğurlu olduğunu deyib: “Həm daxili çempionatda çıxış edən, həm də xaricdə oynayan futbolçularımız hazır vəziyyətdədir. Bütün diqqətimizi ilk oyunumuz olan Macarıstan yığmasına qarşı yönəltmişik. Macarıstan komandası püşkatma zamanı A səbətindən çıxıb, buna baxmayaraq, ilk oyunda uğurlu nəticə əldə etməyi hədəfləyirik”.
Baş məşqçi bütün oyunlarda qələbə üçün mübarizə aparacaqlarını qeyd edib: “Yunanıstan və Rumıniya komandalarını da təhlil etmişik və canlı izləyərək futbolçulara məlumat verəcəyik. Məqsədimiz hər üç oyunda maksimum nəticə göstərməkdir. Belə turnirdə qazanılacaq hər xal bizim üçün böyük əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, U-17 millimiz Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda yer alıb. Komanda noyabrın 13-də Macarıstan, 16-da Yunanıstan və 19-da Rumıniya yığması ilə qarşılaşacaq. Bütün oyunlar Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.