2026-cı il dünya çempionatında G qrupunun ilk oyunları gözlənilməz nəticələrlə yadda qalıb. Turnirin favoritlərindən sayılan İspaniya Kabo-Verde səddini aşa bilməyib, Belçika ilə Misir arasındakı qarşılaşma isə qalibsiz başa çatıb.
İspaniya üstün oynadı, amma qol vura bilmədi
Atlantadakı “Mercedes-Benz Stadium”da keçirilən İspaniya – Kabo-Verde matçı 0:0 hesabı ilə yekunlaşıb. Oyun ərzində topa nəzarətdə və hücum göstəricilərində böyük üstünlüyə malik olan ispanlar buna baxmayaraq qapı yolunu tapa bilməyiblər.
İspaniya millisi topa sahibolmada 74 faiz göstəriciyə çatıb, rəqib qapısına 27 zərbə endirib. Kabo-Verde isə cəmi 6 dəfə zərbə vurub. İlk hissədə hesab açılmayıb, fasilədən sonra isə baş məşqçi Luis de la Fuente Mikel Merino, Lamin Yamal, Dani Olmo və Niko Uilyamsı meydana buraxaraq hücum xəttini gücləndirib.
DÇ-2026, H qrupu, I tur
İspaniya – Kabo-Verde 0:0
Belçika üstünlüyü yalnız bir xala çevirdi
Sietldə yerləşən “Lumen Field” stadionunda keçirilən Belçika – Misir görüşündə də qalib müəyyənləşməyib. Komandalar meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıblar.
Matçda hesabı Misir yığması açıb. Oyunun 20-ci dəqiqəsində Emam Aşur cərimə meydançası yaxınlığından dəqiq zərbə ilə komandasını önə keçirib. Belçikalılar uzun müddət bərabərlik qolunu tapa bilməsələr də, 66-cı dəqiqədə Romelu Lukakunun iştirakı ilə qurulan hücum nəticə verib. Təcrübəli hücumçunun meydana çıxmasından saniyələr sonra edilən ötürməni kəsməyə çalışan Məhəmməd Hani topu öz qapısına göndərib.
DÇ-2026, G qrupu, I tur
Belçika – Misir 1:1
Qollar: Məhəmməd Hani, 66 (avtoqol) – Emam Aşur, 20
Beləliklə, G qrupunda ilk turun ardından həm Belçika, həm də Misir aktivinə bir xal yazdırıb.




