NBA-da mövsüm başa çatdıqdan sonra transfer bazarında diqqət mərkəzində olan əsas mövzu Yannis Antetokunmponun gələcəyidir. ESPN-in yaydığı məlumata görə, “Milwaukee Bucks”ın lideri ilə bağlı vəziyyət hələ də açıq qalır və liqanın bir neçə aparıcı klubu onun transfer imkanlarını dəyərləndirir.
Yunanıstanlı ulduzun adı ən çox “Miami Heat” və “Boston Celtics”lə yanaşı çəkilir. Bununla belə, tərəflər arasında yekun razılıq əldə olunmayıb və danışıqlar davam edir.
“Miami Heat” ümidini itirmir
ESPN-in məlumatına əsasən, Yannis mümkün transfer halında “Miami Heat”da uzunmüddətli müqavilə imzalamağa müsbət yanaşır. Bu səbəbdən klub rəhbərliyi “Bucks”ı razı sala biləcək paket üzərində işləməyə davam edir.
Mümkün təkliflər arasında draftın 13-cü seçimi, Tayler Hiro və bir neçə perspektivli basketbolçunun yer aldığı bildirilir. Lakin Milwaukee rəhbərliyi hələlik təqdim olunan variantları kifayət qədər cəlbedici hesab etmir. Klub rəhbərliyi franchise tarixinin ən önəmli oyunçularından biri ilə bağlı qərarı tələsmədən vermək niyyətindədir.
Boston da yarışdan çəkilməyib
Yannisin növbəti ünvanı kimi göstərilən digər əsas namizəd “Boston Celtics”dir. Məlumata görə, basketbolçu Boston variantına da müsbət yanaşa bilər. Ancaq bu transferin reallaşması üçün klubun heyətində ciddi dəyişikliklər etməsi lazım gələ bilər.
ESPN yazır ki, mümkün sövdələşmədə üçüncü və hətta dördüncü komandanın iştirakı da istisna edilmir. Bu səbəbdən danışıqlar gözlənildiyindən daha yavaş irəliləyir.
Hazırda NBA-da yay transfer dövrünün ən çox müzakirə olunan məsələsi məhz Antetokunmponun gələcəyi olaraq qalır və yekun qərarın yaxın həftələrdə verilməsi gözlənilir.




