NBA-nın canlı əfsanəsi Lebron Ceyms həyat yoldaşı Savanna ilə birlikdə Los-Ancelesdəki möhtəşəm villasının qapılarını “Vogue” jurnalının çəkiliş heyəti üçün açıb. Cütlük şəxsi arxiv və kolleksiyalarındakı ən qiymətli eksponatları — eksklüziv avtomobildən tutmuş məşhur rəsm əsərlərinə, bahalı saatlara və dörd NBA çempionluq kubokunadək nümayiş etdirib.
Evin qarajında ən böyük diqqəti dünyada cəmi iki nüsxəsi mövcud olan “Mercedes-Maybach S 680 LeBron James Edition” modeli cəlb edib. Bu nadir avtomobillərdən biri basketbolçunun ailəsinə məxsusdur, ikincisi isə xeyriyyə auksionuna çıxarılacaq. Avtomobilin üzərində Ceymsin üç övladının — Bronni, Brays və Jurinin doğum tarixləri xüsusi olaraq həkk olunub.
Savanna həmçinin evlilik ildönümü münasibətilə ərinə hədiyyə etdiyi şəffaf mexanizmli, unikal dizayna malik “Cartier Crash” saatını təqdim edib. Onun sözlərinə görə, bu nadir saat modelini tapıb əldə etmək təxminən altı ay çəkib.
Malikanədəki zəngin sənət əsərləri arasında dünyaca məşhur rəssam Jan-Mişel Baskiyanın “Minor Success” adlı rəsm əsəri xüsusilə seçilir. Lebron ailəsinin bu səviyyədə dahi bir rəssamın orijinal əsərinə sahib olmasını böyük şərəf adlandırıb.
Ulduz basketbolçu gərgin fiziki yüklənmələrdən sonra orqanizmini bərpa etmək üçün istifadə etdiyi hiperbarik kameranı və soyuq su çəlləyini (cold plunge) də nümayiş etdirib. Mətbəxdə isə cütlük Ceymsin şirniyyat sevgisini əks etdirən xüsusi desert guşəsini göstərib.










