Britaniyalı komediya ustası və teleaparıcı Lloyd Qriffit 36 ildir xəyalını qurduğu qeyri-adi futbol arzusuna nəhayət çatıb.
Maraqlı hadisə 17 oktyabr tarixində İngiltərə Premyer Liqası çərçivəsində baş tutan “Brentford” – “Liverpul” (1:2) qarşılaşmasında qeydə alınıb. “Mersisaydlılar”ın yarımmüdafiəçisi Aleksis Mak Allisterin qeyri-dəqiq cərimə zərbəsindən sonra top yüksək sürətlə tribunaya tərəf uçub. Tamaşaçılar arasında əyləşən Qriffit dərhal reaksiya verərək yanındakı azarkeşlərin üzərindən əyilib və topu başla zərbə endirərək yenidən meydançaya tərəf qaytarıb. Komikin bu gözlənilməz cəhdi ətrafdakıların gülüşünə və alqışına səbəb olub.
Məlum olub ki, aparıcı stadionlara getməyə başladığı 1990-cı ildən bəri məhz oyun zamanı topa toxunmağın xəyalını qururmuş:
“Nəhayət ki, bu baş verdi! 1990-cı ildən futbol matçlarına gedirəm və ilk dəfə oyun əsnasında topu başla qaytara bildim. Zərbədən cəmi bir neçə saniyə əvvəl yanımdakı qızlara ‘topu başla vurmağa hazırlaşın’ demişdim. Bilmirəm niyə, sadəcə qəlbimə dammışdı. Bəzən belə şeyləri əvvəlcədən hiss edirsən. Yaxşı ki, gün eynəyimi vaxtında çıxarmağa çatdırdım. Qol ötürməsinə görə Mak Allisterə təşəkkür edirəm”, — deyə Qriffit zarafat edib.
Hadisənin videosu qısa müddətdə sosial şəbəkələrdə, xüsusən “X” platformasında virus kimi yayılaraq 1 milyondan çox baxış toplayıb. Şərh yazan azarkeşlər Qriffitin bu zərbəni artıq öz peşəkar tərcümeyi-halına (CV) əlavə edə biləcəyini qeyd edirlər.





