Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin 81 kq çəki dərəcəsində çıxış edən idmançıları növbəti görüşlərini keçiriblər. Günün ən uğurlu nəticəsinə Zelim Tçkayev imza ataraq finala yüksəlib. Ömər Rəcəbli bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb, Vüsal Qələndərzadə isə 1/8 final mərhələsində mübarizəni dayandırıb.
Tçkayev qızıl medal uğrunda yarışacaq
Zelim Tçkayev yarışa 1/16 finaldan başlayaraq Moldova təmsilçisi Viktor Sterpunu ipponla məğlub edib. Daha sonra Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili, belçikalı Mattias Kasse və yarımfinalda qazaxıstanlı Abilayxan Zubanazarı üstələyərək finala yüksəlib.
Azərbaycan cüdoçusu qızıl medal uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi Tato Qriqalaşvili ilə üz-üzə gələcək.
Rəcəbli medal şansını qorudu, Qələndərzadə dayandı
Ömər Rəcəbli ilk görüşdə Sibqatullah Arabını (IRT), ardınca özbəkistanlı Murodjon Yuldoşevi məğlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə serbiyalı Mihaylo Siminə uduzan cüdoçu təsəlliverici görüşdə sloveniyalı Nake Herkoviç üzərində qələbə qazanaraq bürünc medal uğrunda görüşə vəsiqə əldə edib.
Onun medal uğrunda son rəqibi yarımfinalda Tçkayevə məğlub olan qazaxıstanlı Abilayxan Zubanazar olacaq.
Vüsal Qələndərzadə isə mundiala Bolqarıstan təmsilçisi Hristo Valkov üzərində qələbə ilə başlayıb. Daha sonra estoniyalı Saad Dikayevi ipponla məğlub edərək 1/8 finala yüksəlsə də, bu mərhələdə məhz Abilayxan Zubanazara cərimə xalları hesabına uduzub və yarışla vidalaşıb.
Xatırladaq ki, Bakıda keçirilən dünya çempionatı oktyabrın 11-dək davam edəcək. Azərbaycan millisi indiyədək Əhməd Yusifovun (60 kq) qızıl, Rəşid Məmmədəliyevin (73 kq) isə bürünc medalı ilə yadda qalıb.





