Bakıda cüdo üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirilib

Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının rəsmi açılış mərasimi Milli Gimnastika Arenasında baş tutub. Dünya çempionatı oktyabrın 4-də start götürsə də, rəsmi açılış mərasimi yarışın ikinci günündə keçirilib. Tədbirdə Beynəlxalq Cüdo Federasiyasının rəhbərliyi, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, dövlət rəsmiləri və çoxsaylı qonaqlar iştirak ediblər.

Rəşad Nəbiyev və Marius Vizer iştirakçıları salamlayıblar

Mərasim Azərbaycan idmanına həsr olunmuş filmin nümayişi ilə başlayıb. Ardınca rəsmi hissədə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev çıxış edərək qonaqları salamlayıb:

“Cüdo ailəsini Bakıda salamlamaq bizim üçün şərəfdir. Ölkəmizdə idmana, cüdoya diqqət və qayğı göstərilir. Ölkəmiz Prezident İlham Əliyevin sayəsində möhtəşəm idman mərkəzinə çevrilib. Uğur hekayəsinin vacib hissəsi beynəlxalq əməkdaşlıqdır.

Bakıda dünya çempionatı təşkil olunduğu üçün Marius Vizerə təşəkkür edirəm. Əsas məqsədimiz cəmiyyətimiz üçün layiqli vətəndaş yetişdirməkdir. Bu fəlsəfə dövlətimizin siyasətinin əsasını təşkil edir. Hər birinizə unudulmaz anlar arzulayıram, Azərbaycana xoş gəlmişsiniz”.

Daha sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edib:

“Azərbaycana xoş gəlmişsiniz. Azərbaycan yeni texnologiyaların və enerjinin diyarıdır. Bizə dəstəyinizə görə sizə təşəkkürümü bildirirəm. Azərbaycan Cüdo Federasiyasına da qazanılan nailiyyətlərə görə təbriklərimi çatdırıram. Həmrəyliyə, dostluq naminə bu tədbirləri keçirən hər kəsə minnətdaram. Cüdo üzrə dünya çempionatını açıq elan edirəm”.

Rəsmi hissənin ardından bədii proqram təqdim olunub və iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Azərbaycan mundiala qızıl medalla başlayıb

Oktyabrın 11-dək davam edəcək dünya çempionatında 93 ölkədən 622 cüdoçu mübarizə aparır. Azərbaycan millisi fərdi yarışlarda 24 idmançı ilə təmsil olunur və son yarış günündə qarışıq komanda turnirində də iştirak edəcək.

Yarışın ilk günü Azərbaycan cüdosu üçün uğurlu alınıb. 60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Bu nəticə Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğu kimi tarixə düşüb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni