2026-cı il dünya çempionatının 1/16 final mərhələsində daha üç maraqlı qarşılaşma baş tutub. Fransa, Norveç və Meksika qələbə qazanaraq adlarını növbəti mərhələyə yazdırıblar. Kilian Mbappenin növbəti dubli, Erlinq Holandın həlledici qolu və Meksikanın inamlı çıxışı günün əsas hadisələri olub.
Norveç Holandın son dəqiqə qolu ilə qalib gəldi
30 iyun tarixində Kot-d’İvuar və Norveç yığmaları ABŞ-ın Arlinqton şəhərində yerləşən AT&T Stadium arenasında üz-üzə gəlib. Gərgin keçən görüş Norveçin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İlk hissədə Antonio Nusa hesabı açsa da, Kot-d’İvuar 74-cü dəqiqədə Diallonun qolu ilə tarazlığı bərpa edib. Qarşılaşmanın taleyini isə 86-cı dəqiqədə Erlinq Holand həll edib. Ulduz hücumçu növbəti dəfə komandasını xilas edərək Norveçi 1/8 finala daşıyıb.
İndi Skandinaviya təmsilçisi növbəti mərhələdə Braziliya millisi ilə qarşılaşacaq.
Dünya çempionatı 2026. 1/16 final
Kot-d’İvuar – Norveç – 1:2
Qollar: Diallo, 74 – Nusa, 39, Holand, 86
Mbappe yenə dublla fərqləndi
Fransa və İsveç arasında keçirilən qarşılaşmada favorit hesab olunan Didye Deşamın komandası üstünlüyünü tam doğruldub. Fransızlar oyunun əvvəlindən topa nəzarəti ələ keçirərək rəqib qapısı önündə ardıcıl təhlükələr yaradıblar.
Mbappe əvvəlcə ofsayd səbəbindən qol sevincini yaşaya bilmədi, daha sonra isə dirəyə nişan aldı. Lakin ilk hissənin sonlarında o, hesabı açaraq turnirdəki beşinci qolunu vurdu və dünya çempionatlarındakı qol sayını 17-yə çatdırdı.
Fasilədən sonra Bredli Barkola fərqi artırdı. Oyunda iki məhsuldar ötürmə müəllifi olan Maykl Olise yenidən Mbappeni dəqiq ötürmə ilə tapdı və hücumçu matçın sonlarında dubla imza atdı. Beləliklə, Fransa 3:0 hesabı ilə qalib gələrək 1/8 finalda Paraqvayın rəqibi oldu.
Dünya çempionatı 2026. 1/16 final
Fransa – İsveç – 3:0
Qollar: Mbappe, 45, 74, Barkola, 53
Meksika doğma meydanda üstün oldu
İyulun 1-də Mexiko şəhərində yerləşən məşhur Estadio Banorte (Azteka) stadionunda Meksika və Ekvador milliləri qarşılaşıb. Güclü yağış səbəbindən görüş planlaşdırılandan bir saat gec başlasa da, meydan sahibləri ilk dəqiqələrdən təşəbbüsü ələ alıblar.
Meksikalılar ilk hissədə Julian Kinyones və Raul Ximenesin qolları ilə üstünlük qazanıblar. Ekvador ikinci hissədə oyuna qayıtmağa çalışsa da, hesab dəyişməyib və matç Meksikanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın son dəqiqələrində Ekvadorun müdafiəçisi Piero İnkapiye qırmızı vərəqə alaraq meydandan qovulub.
Meksika 1/8 finalda İngiltərə – DR Konqo cütünün qalibi ilə qarşılaşacaq.
Dünya çempionatı 2026. 1/16 final
Meksika – Ekvador – 2:0
Qollar: Kinyones, 22, Ximenes, 31
Qırmızı vərəqə: İnkapiye, 90+5




