Konor Makqreqor beş ildən sonra UFC-yə qayıdır: Holloueylə revanş yaxınlaşır

UFC tarixinin ən tanınmış simalarından biri olan Konor Makqreqor uzun fasilədən sonra yenidən oktaqona çıxmağa hazırlaşır. İrlandiyalı döyüşçü iyulun 12-də (Bakı vaxtı ilə səhər saat 05:00-da) Las-Veqasdakı T-Mobile Arenada keçiriləcək UFC 329 turnirinin əsas döyüşündə Maks Holloueylə üz-üzə gələcək. Qarşılaşma Makqreqorun son beş ildə ilk rəsmi UFC döyüşü olacaq və 2013-cü ildə başlayan rəqabətin davamı kimi böyük maraq doğurur.

Makqreqor son illərdə bir neçə dəfə UFC-yə qayıdacağını açıqlasa da, müxtəlif səbəblərdən planları reallaşmamışdı. Xüsusilə Maykl Çandlerlə döyüşün baş tutacağı gözlənilsə də, bu qarşılaşma baş tutmadı. İndi isə keçmiş iki çəki dərəcəsinin çempionu beş illik fasilədən sonra yenidən qəfəsə qayıdır.

13 il sonra eyni rəqiblər yenidən üz-üzə gələcək

Makqreqor və Hollouey ilk dəfə 2013-cü ildə UFC Fight Night 26 turnirində qarşılaşıblar. Həmin görüşdə irlandiyalı döyüşçü hakimlərin yekdil qərarı ilə qalib gəlmişdi. O vaxtdan bəri hər iki idmançı karyeralarında mühüm uğurlar qazanıb. Makqreqor UFC tarixində eyni vaxtda iki çəki dərəcəsində çempion olan ilk döyüşçü kimi tarixə düşüb, Hollouey isə yarımyüngül çəki üzrə keçmiş çempion və BMF titulunun sahibi olub. Bu səbəbdən 13 il sonra keçiriləcək revanş UFC 329-un ən gözlənilən qarşılaşması hesab edilir.

37 yaşlı Makqreqor döyüşöncəsi hazırlıq prosesində fiziki vəziyyətinin yüksək səviyyədə olduğunu nümayiş etdirib. Döyüş həftəsində keçirilən mətbuat konfransı və üz-üzə baxış zamanı rəqiblər arasında gərgin anlar yaşansa da, təhlükəsizlik əməkdaşları vəziyyəti qısa zamanda nəzarətə götürüblər.

Məlumata görə, Holloueylə qarşılaşma Makqreqorun hazırkı UFC müqaviləsi çərçivəsində son döyüşüdür. Xarici mətbuatın yazdığına görə, irlandiyalı idmançı yalnız bu görüşə çıxacağı üçün 10 milyon dollardan çox qonorar əldə edəcək, əlavə bonuslar isə bu məbləği daha da artıra bilər.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni