İspaniya futbolunda uzun müddətdir gündəmdən düşməyən “Negreyra işi” ətrafında gərginlik daha da artıb. “AS” nəşrinin yaydığı məlumata görə, “Real Madrid” UEFA-ya müraciət edərək “Barselona”nın Xose Mariya Enrikes Neqreyranın İspaniya Hakimlər Texniki Komitəsinin vitse-prezidenti olduğu dövrdə qazandığı titullarla bağlı araşdırmanın aparılmasını və müvafiq intizam tədbirlərinin görülməsini istəyib.
Madrid təmsilçisi hesab edir ki, araşdırma çərçivəsində Kataloniya klubunun idmanda korrupsiyaya qarşı tətbiq etdiyi daxili nəzarət mexanizmləri də qiymətləndirilməlidir. Bu məqsədlə “Real Madrid” 2010–2018-ci illəri əhatə edən uyğunluq (compliance) sistemi, daxili yoxlamalar, ödəniş prosedurları və digər sənədlərin təqdim olunmasını tələb edib.
“Negreyra işi” yenidən gündəmdə
Xatırladaq ki, “Barselona” və klubun sabiq rəhbərliyi 2023-cü ildən etibarən “Negreyra işi” ilə bağlı araşdırmaların mərkəzindədir. İstintaq keçmiş hakim funksioneri Xose Mariya Enrikes Neqreyraya və onunla əlaqəli şirkətlərə uzun illər ərzində həyata keçirilmiş milyonlarla avroluq ödənişlərlə bağlı aparılır. Məhkəmə materiallarına görə, bu ödənişlər 2001–2018-ci illəri əhatə edib və onların hüquqi əsasları araşdırılır.
“Real Madrid” rəsmi bəyanatında UEFA-dan əvvəllər başladılmış intizam araşdırmasının bərpa edilməsini və idman yarışlarının bütövlüyünün qorunması üçün müvafiq tədbirlərin görülməsini istəyib. Klub həmçinin bildirib ki, İspaniyada davam edən cinayət işi üzrə öz hüquqi mövqeyini bundan sonra da müdafiə edəcək.
Hazırda UEFA tərəfindən bu müraciətlə bağlı yekun qərar açıqlanmayıb və “Negreyra işi” üzrə məhkəmə prosesi də davam edir.




