Hidayət Heydərovla bağlı federasiyadan açıqlama: intizam pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın olimpiya çempionu Hidayət Heydərovun bu il iki turnirdə çəki normasını yerinə yetirə bilməməsi və sosial şəbəkələrdə etdiyi paylaşımlar səbəbindən intizam məsuliyyətinə cəlb olunduğu açıqlanıb. Bu barədə cüdo üzrə dünya çempionatına hazırlığa həsr olunan mətbuat konfransında Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib.

Onun sözlərinə görə, Hidayət Heydərovun sosial media paylaşımları ilə bağlı federasiya daxilində intizam tədbirləri görülüb. Rəşad Rəsullu vurğulayıb ki, tətbiq olunan cəzanın detalları açıqlanmayacaq.

Rəşad Rəsullu həmçinin Hidayət Heydərovun iki yarışda çəki normasını qoruya bilmədiyi üçün heyətdən kənarda qalmasına da münasibət bildirib.

“Qaydalarımız bütün idmançılar üçün eynidir. Hər bir intizam pozuntusuna uyğun tədbirlər görülür. Bu, cərimə, məşq və hazırlıq prosesindən kənarlaşdırılma və ya digər qərarlar ola bilər. Eyni zamanda, idmançının davranışı və vəziyyəti də nəzərə alınır. Hidayətin çəki problemi ilə bağlı səbəblər müəyyənləşdirilib və hazırda bu istiqamətdə iş aparılır. Hər iki hadisə ilə bağlı o, cəzalandırılıb. Cəzanın mahiyyətini açıqlamaq istəmirik. Hesab edirik ki, Hidayət özü də baş verənlərdən lazımi nəticə çıxarıb. Onun gələcəkdə ikiqat olimpiya çempionu olacağına inanırıq”, – deyə federasiya rəsmisi bildirib.

Qeyd edək ki, cüdo üzrə 2026-cı il dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək. Turnirdə dünyanın ən güclü cüdoçuları medallar uğrunda mübarizə aparacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni