“Araz-Naxçıvan” yay transfer pəncərəsində növbəti futbolçunu heyətinə qatıb. Naxçıvan təmsilçisi Burundi millisinin hücumçusu Abdallah Sudi ilə razılığa gəlib. Klub 26 yaşlı mərkəz hücumçusu ilə bir illik müqavilə imzalayıb və futbolçu artıq komandanın məşqlərinə qoşulub.
Abdallah Sudi karyerası ərzində müxtəlif ölkələrin çempionatlarında çıxış edib. O, “Vital’O”, “Kigali”, “Al-Faisaly”, “Muktijoddha”, “Al-Naft”, “Kuching”, “Al-Ittihad”, PSIS və son olaraq İndoneziyanın “Persijap” klubunun formasını geyinib. Hücumçu həm Burundi, həm də Konqo Demokratik Respublikası vətəndaşlığına malikdir.
Burundi millisinin üzvü yeni mövsümə hazırlaşır
Abdallah Sudi 2022-ci ildən etibarən Burundi milli komandasının da şərəfini qoruyur. O, yığmanın heyətində keçirdiyi 13 oyunda 3 qola imza atıb və beynəlxalq təcrübəsi ilə seçilən futbolçulardan biri hesab olunur.
“Araz-Naxçıvan” yeni mövsüm öncəsi heyətini formalaşdırmaq istiqamətində aktiv fəaliyyətini davam etdirir. Klub daha əvvəl Tərlan Əhmədli, Omar Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Errera, Rovlan Muradov, Issouf Paro, Artur Augusto Da Silva, Mara Mohamed, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilələr bağlayıb.
Yeni transferin hücum xəttində rəqabəti artıracağı və komandanın qarşıdakı mövsümdə həm daxili yarışlarda, həm də avrokuboklarda hədəflərinə çatmasına töhfə verəcəyi gözlənilir.




