Antonelli Belçikada qalib gəldi, Mercedes dublu alınmadı – Rassell yarışı erkən tərk etdi

Formula 1 üzrə Belçika Qran-prisi çempionat uğrunda mübarizədə mühüm dönüş nöqtəsinə çevrildi. Mercedes komandasının pilotu Andrea Kimi Antonelli Spa-Frankorşam trasında inamlı qələbə qazanaraq mövsümdə altıncı zəfərini əldə etdi və sürücülərin ümumi sıralamasındakı liderliyini daha da möhkəmləndirdi. Şarl Lekler (Ferrari) ikinci, Maks Ferstappen (Red Bull) isə üçüncü yeri tutdu.

Yarışın əsas hadisəsi isə ilk dövrədə baş verdi. Antonellinin titul uğrunda əsas rəqibi Corc Rassell Lyuis Həmiltonla təmasdan sonra trası tərk edərək çınqıllığa çıxdı və mübarizəni dayandırdı. Hadisəyə görə Həmiltona 5 saniyəlik cərimə verildi, lakin britaniyalı pilot yarışı dördüncü pillədə başa vurdu. Rassellin sıfır xalla qalması Antonellinin çempionatdakı üstünlüyünü daha da artırdı.

Antonelli Belçikada qalib gəldi, Mercedes dublu alınmadı – Rassell yarışı erkən tərk etdi

Qaliblərin fikirləri və çempionatda son vəziyyət

Yarışdan sonra Andrea Kimi Antonelli son həftələrdə çətin dövr keçirdiklərini, lakin yenidən qələbə qazanmağın sevindirici olduğunu bildirib:

“Bir neçə çətin həftəsonundan sonra yenidən qalib gəlmək əla hissdir. Virtual təhlükəsizlik avtomobilindən sonra liderliyi itirdim, amma Lekleri yenidən keçə bildim. Çempionatda öndəyəm, amma etiraf etməliyəm ki, bu gün bəxt də bizim tərəfdə idi.”

İkinci yeri tutan Şarl Lekler mübarizədən razı qaldığını deyib:

“Qələbə qazana biləcəyimizə inanırdım. Virtual təhlükəsizlik avtomobili bizə kömək etdi və bir müddət yarışa liderlik etdim. Maşında özümü yaxşı hiss edirəm, amma Mercedeslə mübarizə aparmaq üçün hələ inkişaf etməliyik.”

Maks Ferstappen isə nəticəni uğurlu hesab edib:

“Qələbə qazanmaq istəyirdim, amma üçüncü yer də pis nəticə deyil. Ümumilikdə yaxşı yarış keçirdik.”

Belçika Qran-prisindən sonra Antonelli 204 xalla sürücülər çempionatında liderdir. Lyuis Həmilton 159 xalla ikinci, Corc Rassell isə 154 xalla üçüncü pilləyə geriləyib. Mercedes 358 xalla Konstruktorlar Kubokunda liderliyini qoruyur və Ferrari-ni 73 xal qabaqlayır.

Sürücülərin ümumi sıralaması

  1. Andrea Kimi Antonelli (Mercedes) – 204
  2. Lyuis Həmilton (Ferrari) – 159
  3. Corc Rassell (Mercedes) – 154
  4. Şarl Lekler (Ferrari) – 126
  5. Lando Norris (McLaren) – 103
  6. Oskar Piastri (McLaren) – 92
  7. Maks Ferstappen (Red Bull) – 91
  8. İsak Hacar (Red Bull) – 60
  9. Pyer Qasli (Alpine) – 42
  10. Liam Louson (Racing Bulls) – 39

Konstruktorlar Kuboku

  1. Mercedes – 358
  2. Ferrari – 285
  3. McLaren – 195
  4. Red Bull – 151
  5. Alpine – 61
  6. Racing Bulls – 61
  7. Haas – 21
  8. Williams – 11
  9. Audi – 10
  10. Aston Martin – 1
  11. Cadillac – 0

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni