Fransa milli komandasında yeni dövr başlayır. Məşhur futbol mütəxəssisi Zinəddin Zidan rəsmi olaraq “xoruzlar”ın baş məşqçisi təyin edilib. Məlumata görə, Fransa Futbol Federasiyası (FFF) ilə tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb və bununla da Dide Deşamın 14 illik dönəmi başa çatıb.
Transfer insayderi Fabritsio Romanonun yaydığı məlumata əsasən, Zidanla FFF arasında prinsipial razılıq hələ 2025-ci ilin noyabrında əldə olunmuşdu. Son günlər bütün hüquqi prosedurlar tamamlanıb və fransalı mütəxəssisin təyinatı rəsmiləşdirilib. Bildirilir ki, Zidan sentyabrın əvvəlindən etibarən milli komandanın işinə başlayacaq və ilk rəsmi sınağı UEFA Millətlər Liqasında olacaq.
Zidan klub təkliflərini geri çevirdi
Mənbələrin bildirdiyinə görə, son aylarda bir neçə Avropa nəhəngi Zidanı baş məşqçi postuna dəvət etməyə çalışsa da, 53 yaşlı mütəxəssis Fransa millisini çalışdırmaq arzusuna sadiq qalıb. O, uzun müddətdir əsas hədəfinin milli komandaya rəhbərlik etmək olduğunu gizlətmirdi.
Fransa yığmasının sükanı arxasında Zidan Dide Deşamı əvəz edəcək. Deşam 2012-ci ildən komandaya rəhbərlik edir, Fransa ilə 2018-ci ildə dünya çempionu, 2021-ci ildə isə UEFA Millətlər Liqasının qalibi olub. 2026-cı il dünya çempionatından sonra o, vəzifəsindən ayrılacağını əvvəlcədən açıqlamışdı.
“Real”dakı uğurlarından sonra yeni çağırış
Zinəddin Zidan sonuncu dəfə 2021-ci ildə Madrid “Real”ından ayrıldıqdan sonra heç bir komandada çalışmayıb. O, iki fərqli dövrdə İspaniya nəhənginə rəhbərlik edərək klub tarixinin ən uğurlu məşqçilərindən birinə çevrilib. Zidan “kral klubu” ilə ümumilikdə 11 titul, o cümlədən ardıcıl 3 UEFA Çempionlar Liqası, 2 La Liqa və digər nüfuzlu kuboklar qazanıb. İndi isə onun əsas məqsədi Fransa millisini Avropa və dünya arenasında yeni uğurlara daşımaq olacaq.




