Fransa milli komandasında yeni dövr başlayır. Fransa Futbol Federasiyası əfsanəvi futbolçu və tanınmış mütəxəssis Zinəddin Zidanın yığmanın baş məşqçisi təyin olunduğunu rəsmən açıqlayıb. O, bu vəzifədə Didye Deşamı əvəz edəcək və komandanı qarşıdakı böyük beynəlxalq turnirlərə hazırlayacaq.
54 yaşlı Zidan uzun fasilədən sonra yenidən məşqçilik fəaliyyətinə qayıdır. Onun Fransa millisindəki rəsmi işi 1 avqustdan başlayacaq. Mütəxəssis komandanı UEFA Millətlər Liqasının yeni mövsümündə, AVRO-2028-in seçmə mərhələsində və 2030-cu il dünya çempionatının təsnifat oyunlarında çalışdıracaq. Məşqçilər korpusunun tam tərkibinin sentyabrın əvvəlində açıqlanacağı gözlənilir.
Zidan: “Fransa millisindən daha vacib heç nə yoxdur”
Təyinatdan sonra Zinəddin Zidan Fransa Futbol Federasiyasının rəsmi saytına açıqlamasında milli komandaya rəhbərlik etməyin onun üçün böyük qürur olduğunu bildirib:
“Mən dəfələrlə demişəm ki, Fransa millisindən daha vacib heç nə yoxdur. Bu komandaya rəhbərlik etmək mənim üçün böyük sevinc, böyük qürur və eyni zamanda böyük məsuliyyətdir.
Mənə göstərilən etimada görə Federasiyanın prezidenti Filipp Dialloya, İcraiyyə Komitəsinə və Fransa Futbol Federasiyasına təşəkkür edirəm. Həmçinin Didye Deşam və onun məşqçilər heyətinin son 14 ildə gördüyü işi yüksək qiymətləndirirəm.
Bu gün məni yetişdirən bütün məşqçilərimə də minnətdarlığımı bildirirəm. Fransa millisi ilə bağlı böyük ambisiyalarım var.”
Deşamdan sonra yeni mərhələ başlayır
Zidan Fransa millisinin tarixində 18-ci baş məşqçi olacaq. O, Dide Deşamın rəhbərliyi altında uzun illər uğurlu çıxış edən komandanı qəbul edir. Deşamın dövrü 2026-cı il dünya çempionatının yarımfinalında Fransanın İspaniyaya 0:2 hesabı ilə məğlub olmasından sonra başa çatıb.
Zinəddin Zidanın son iş yeri Madrid “Real”ı olub. O, İspaniya nəhəngi ilə iki dəfə La Liqanın qalibi olub, üç dəfə ardıcıl UEFA Çempionlar Liqasını qazanıb, həmçinin UEFA Superkuboku, İspaniya Superkuboku və Klublararası Dünya Çempionatında da çempionluq yaşayıb. Məhz bu uğurlar onu son illərin ən nüfuzlu məşqçilərindən birinə çevirib və Fransa azarkeşləri yeni baş məşqçidən milli komanda ilə də böyük nailiyyətlər gözləyirlər.




