Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı (45 kq) gümüş medal qazanıb. Milli Gimnastika Arenasında təşkil olunan mundialın finalında çıxış edən gənc idmançı ABŞ təmsilçisi Raylen Bezer Vaksla qarşılaşıb.
45 kq çəki dərəcəsində mübarizə aparan Əli Cavadlı turnir ərzində uğurlu çıxışı ilə diqqət çəkib. O, finala gedən yolda Bolqarıstan təmsilçisi Oqnyan Burqazovu, Gürcüstandan Luka Bolkvadzeni və İran idmançısı Armin Amin Esmayilini məğlub edərək həlledici görüşə yüksəlib.
Qızıl medal uğrunda keçirilən final qarşılaşmasında isə amerikalı Raylen Bezer Vaks üstün olub. Görüş rəqibin 13:5 hesablı qələbəsi ilə yekunlaşıb və Azərbaycan güləşçisi dünya çempionatını gümüş medalla başa vurub.
Azərbaycanın medal ehtiyatı artır, qadın güləşçilər isə mübarizəni dayandırıblar
Bakıda davam edən dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir. Daha əvvəl Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc, İsfahan Həsənov (80 kq) isə gümüş medal qazanıb. Bundan başqa, Abdurrahman Hüseynli (51 kq) finalda qızıl medal uğrunda, Elmir Çərkəzov (60 kq) isə bürünc medal uğrunda xalçaya çıxacaq.
Bununla yanaşı, qadın güləşi üzrə yarışlara başlayan Azərbaycan millisinin dörd üzvü ilk görüşlərində məğlub olaraq mübarizəni erkən başa vurub. Vafa Orucova (43 kq) Rumıniya təmsilçisinə, Nazrin Əhmədli (49 kq) Almaniya idmançısına, Qaratel Quliyeva (57 kq) İsveçrə güləşçisinə, Rəna Nuriyeva (65 kq) isə Meksika təmsilçisinə uduzaraq dünya çempionatını medalsız başa vurublar.
Bakıda 60-dan çox ölkədən 700-ə yaxın idmançının qatıldığı U-17 dünya çempionatı avqustun 2-dək davam edəcək.




