Cəfərov və Məmmədli Astanada 1/4 finala vəsiqə qazanıb

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir. Azərbaycanın yunan-Roma güləşçiləri Həsrət Cəfərov və Nihat Məmmədli növbəti mərhələyə adlayıb, İslam Abbasov isə mübarizəni dayandırıb.

67 kq çəki dərəcəsində yarışan Cəfərov 1/8 finalda ukraynalı Oleksandr Xruşinlə 7:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. O, ilk görüşdən azad olunub.

63 kq-da mübarizə aparan Məmmədli təsnifatda ABŞ idmançısı Xavyer Consonun xalçaya çıxmaması üzündən 1/8 finaldan başlayıb. Bu mərhələdə norveçli Morten Toreseni 11:0 hesabı ilə məğlub edən idmançımız 1/4 finala vəsiqə qazanıb.

87 kq çəki dərəcəsində Abbasov 1/16 finalda Türkiyənin dünya çempionu Ali Cengizlə 6:0 hesabı ilə qalib gəlib. Lakin 1/8 finalda Bolqarıstanı təmsil edən Olimpiya çempionu Semyon Novikova 5:6 hesabı ilə uduzaraq mundialdakı çıxışını başa vurub.

Azərbaycanın yunan-Roma güləşçilərindən Eldəniz Əzizli 55 kq çəkidə, Sənan Süleymanov isə 77 kq-da daha əvvəl qızıl medal qazanıb. Astana mundialı noyabrın 1-də yekunlaşacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni