Madridin “Real” klubu futbol dünyasında kommersiya gücünü qoruyaraq ardıcıl üçüncü dəfə dünyanın ən dəyərli futbol brendi olub. Yeni qiymətləndirməyə əsasən, İspaniya nəhənginin brend dəyəri bir il ərzində 25 faiz yüksələrək 2,4 milyard avroya çatıb.
İkinci pillədə “Barselona” qərarlaşıb. Kataloniya klubunun göstəricisi 15 faiz artaraq 2 milyard avro səviyyəsinə yüksəlib. Beləliklə, reytinqin ilk iki mövqeyini İspaniya futbolunun iki nəhəngi tutub.
“Arsenal” ilk dəfə ilk üçlükdə
Ən böyük irəliləyişlərdən birini “Arsenal” göstərib. London klubunun brend dəyəri 28 faiz artaraq 1,5 milyard avroya çatıb və komanda ilk dəfə dünyanın ən dəyərli üç futbol brendi sırasına yüksəlib. “Arsenal” eyni zamanda “Mançester Yunayted”i qabaqlayaraq Böyük Britaniyanın ən güclü futbol brendi mövqeyinə çıxıb.
İlk onluqda “Bavariya”, PSJ, “Mançester Siti” və “Liverpul”un hər birinin brend dəyəri təxminən 1,5 milyard avro göstərilib. “Mançester Yunayted” 1,4 milyard avro, “Çelsi” 955 milyon avro, Dortmund “Borussiya”sı isə 664 milyon avro ilə siyahıda yer alıb.
Reytinq brend dəyərinin klubun ümumi bazar qiyməti ilə eyni anlayış olmadığını göstərir. Brand Finance metodologiyasında brend dəyəri onun açıq bazarda lisenziyalaşdırılmasından əldə edilə biləcək xalis iqtisadi fayda əsasında qiymətləndirilir.
“Ştutqart”ın dəyəri təxminən ikiqat artıb
İl ərzində ən sürətli yüksəliş “Ştutqart”da qeydə alınıb. Almaniya klubunun brend dəyəri 99 faiz artaraq 183,5 milyon avroya çatıb. “Aston Villa” da ciddi sıçrayış edib və 60 faizdən çox artımla 483,5 milyon avro səviyyəsinə yüksəlib.
Dünyanın ən dəyərli 50 futbol brendinin ümumi göstəricisi 23,9 milyard avroya çatıb. İlk onluqdakı klubların payına isə 14,9 milyard avro, yəni ümumi məbləğin 60 faizindən çoxu düşür.





