3×3 basketbol üzrə “Neftçi SOCAR” bu gün Çinin Şanxay şəhərində FIBA Qadınlar Seriyasının 2026-cı il mövsümünün finalında mübarizəyə qoşulacaq. Azərbaycan təmsilçisi mövsümün həlledici turnirinə vəsiqə qazanan səkkiz komandadan biridir.
Final sentyabrın 5-6-da Şanxayın West Bund Art Center arenasında keçirilir. “Neftçi SOCAR” turnirin dördüncü səbətlənmiş komandasıdır və B qrupunda Niderland, Fransa və Almaniya ilə mübarizə aparacaq.
“Neftçi SOCAR”ın qrupdakı rəqibləri
Azərbaycan klubunun ilk sınağı Fransa yığmasına qarşı olacaq. Qarşılaşmanın Bakı vaxtı ilə saat 12:45-də başlanması nəzərdə tutulub. Ardınca “Neftçi SOCAR” daha iki oyun keçirəcək:
- 12:45 — “Neftçi SOCAR” – Fransa
- 14:50 — “Neftçi SOCAR” – Niderland
- 16:55 — “Neftçi SOCAR” – Almaniya
Turnirin formatına əsasən, qrup qalibi birbaşa yarımfinala yüksələcək. İkinci və üçüncü yerləri tutan komandalar isə mübarizəni 1/4 final mərhələsində davam etdirəcəklər. Pley-off görüşləri və final sentyabrın 6-da baş tutacaq.
Azərbaycan klubu ötən mövsüm finalçı olub
“Neftçi SOCAR” Şanxaya uğurlu mövsümdən sonra gəlib. Komanda iyunda Fransanın Orlean şəhərində keçirilən FIBA 3×3 Qadınlar Seriyasının mərhələsində finalda Fransa yığmasını 21:20 hesabı ilə məğlub edərək çempion olub. Alexandra Mollenhauer həmin turnirin ən dəyərli oyunçusu seçilib.
Şanxaydakı mövsüm finalında da Mollenhauer diqqət mərkəzində olacaq. O, 2026-cı il Qadınlar Seriyasının reytinqində üçüncü pillədə qərarlaşıb.
Azərbaycan təmsilçisi ötən il də Şanxayda keçirilən mövsüm finalında həlledici görüşə qədər irəliləmişdi. “Neftçi SOCAR” finalda Kanada təmsilçisinə məğlub olaraq turniri ikinci pillədə başa vurmuşdu. Bu dəfə isə Şanxayda yeni mövsüm çempionu müəyyənləşəcək.





