Formula 1-də maliyyə reqlamentinə yenidən baxılması gündəmə gəlib. The Race-in məlumatına görə, təşəbbüs “Williams” komandasından gəlib və məqsəd hazırkı xərc limitinin aşağı pillələrdə yer alan komandalara təsirini azaltmaqdır. Məsələ yaxın vaxtlarda Formula 1 Komissiyasının iclasında müzakirəyə çıxarılacaq.
Hazırda qüvvədə olan maliyyə qaydalarının bəzi komandaların inkişaf imkanlarını məhdudlaşdırdığı bildirilir. “Williams”ın rəhbəri Ceyms Vouls hesab edir ki, mövcud sistem çempionatda faktiki olaraq iki fərqli səviyyənin formalaşmasına səbəb olub və geridə qalan komandaların rəqabətə qayıtmasını çətinləşdirir.
Təklif nəyi dəyişə bilər?
The Race yazır ki, müzakirə olunan variantlardan biri turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalara daha yüksək xərc limiti tətbiq etməkdir. Bununla onların infrastrukturunu və texniki bazasını daha sürətlə inkişaf etdirməsinə şərait yaradılması nəzərdə tutulur.
Lakin bu dəyişikliklərin həyata keçirilməsi asan görünmür. Bir tərəfdən, idman prinsiplərinə xələl gətirməyəcək ədalətli mexanizm hazırlanmalıdır. Digər tərəfdən isə reqlamentin növbəti mövsüm üçün dəyişdirilməsi superçoxluq tələb edir. Bunun üçün FIA, Formula 1 rəhbərliyi və 11 komandadan ən azı 6-sının razılığı lazımdır.
Məlumata görə, “Williams” artıq “Aston Martin”, “Cadillac”, “Audi” və “Alpine” komandalarının dəstəyini qazanıb. Bu isə dəyişikliklərin daha real olaraq 2028-ci ildən tətbiq olunmasına imkan yarada bilər. Son qərarın qəbul edilməsi üçün isə Formula 1 və FIA-nın da razılığı vacibdir.





