Azərbaycanlı gənc avtoidmançı Davin Cəfərov “Formula-4” bolidinin sükanı arxasında növbəti mərhələ sınaqlarını yüksək göstəricilərlə tamamlayıb. Slovakiya ərazisində yerləşən və 5,935 kilometrlik uzunluğu ilə qitənin ən iri daimi traslarından sayılan “Slovakia Ring”də təşkil olunan iki günlük yürüşlər həmyerlimizin potensialını dəyərləndirmək və tərəfdaşlar üçün rəsmi texniki hesabat hazırlamaq məqsədi daşıyıb. Yağışlı Portuqaliya (Portimao) təcrübəsindən sonra ilk dəfə tam quru asfalta çıxan pilot qısa zamanda yarış texnikasına tam uyğunlaşmağı bacarıb.
Yürüşlər ərzində ən yaxşı dövrəsini 2:04.282 saniyə ilə tamamlayan Davin təcrübəli rəqiblərlə müqayisədə rəqabətədavamlı sürət ortaya qoyub. O, bu göstərici ilə sözügedən trasda ilk beşlik uğrunda yarışan təcrübəli pilotların təsnifat zamanından cəmi 0,75 saniyə geri qalaraq mütəxəssislərin diqqətini cəlb edib.
Mühəndis heyətinin hazırladığı rəsmi texniki sənəddə gənc pilotun çıxışı və nümayiş etdirdiyi əsas üstünlüklər xüsusi vurğulanıb:
- Mühəndislərlə dəqiq əlaqə: Bolidin arxa qanadındakı nizamlamaların idarəetməyə təsiri barədə verdiyi rəylərin telemetriya qrafikləri ilə tam uzlaşması;
- Təkər idarəetməsi: İki dəst təzə və dörd dəst istifadə edilmiş təkərlərin potensialından maksimum yararlanmaq bacarığı;
- Texniki potensial: Yüksək təbii sürət hissi, maşın üzərində sabit nəzarət və məlumatları dərhal mənimsəmə vərdişi.
Komandanın verdiyi yekun rəydə azərbaycanlı sürücünün nümayiş etdirdiyi stabillik və peşəkar yanaşma onun “Formula-4” karyerasının parlaq gələcəyindən xəbər verir. Yüksək nəticələrin ona yeni sponsorluq qapıları açacağına inanan Davin Cəfərov isə əsas hədəfinin addım-addım avtoidmanın zirvəsi sayılan “Formula-1″ə yüksəlmək olduğunu bildirib.





